“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə “Report” informasiya agentliyi əməkdaşlığa başlayır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə“Report”un “Media məktəbi” birgə layihə reallaşdıracaq.
Hər iki təhsil ocağı arasında müəllim-tələbə mübadiləsi aparılacaq, qurumların əməkdaşları tədris prosesinə qoşulacaq. Təlim və seminarlarda digər media orqanlarının əməkdaşlarının da iştirakı planlaşdırılır.
Bundan başqa, informasiya agentliyinin əməkdaşları, “Media məktəbi”nin tələbələri üçün Teleradio Akademiyasında təhsil almaq, Akademiyanın məzunları üçün “Report”da təcrübə keçmək, vakansiya olduğu təqdirdə işə qəbul olunmaq imkanı yaradılacaq.