Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır.
Belə layihələrdən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Xatırladaq ki, bu avtomobil yolunun təməli bu il martın 15-də Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub.
Dövlət başçısının tapşırığına əsasən, yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol boyu 6 avtomobil körpüsü və 11 yeraltı keçidin də tikintisi aparılır.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır.