Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolu boyunca tunellərin inşasına start verilib.
Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək.
Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə 7 tunel tikilir. İnşasına başlanılan tunellərin ümumi uzunluğu təqribən 6.3 km olacaq.
Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Uzunluqları 360-3300 metr arası dəyişəcək tunellərin giriş hissəsində aparılan işlər artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir.
Layihə çərçivəsində həmçinin yol boyu müxtəlif hissələrdə 9 viadukun inşası nəzərdə tutulub ki, artıq bu istiqamətdə də işlərə start verilib. Bundan başqa, yolda 59 suötürücü borunun, zəruri yerlərdə isə 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulmuş işlərdir.