Avqustun 14-də Türkiyənin Muğla vilayətinin valisi Orxan Tavlı, qardaş ölkənin daxili işlər nazirinin müavini Mehmet Ersoy, gənclər və idman nazirinin müavini İhsan Selim Baydaş Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ilə görüşüblər.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin çətin tapşırığı uğurla başa vuraraq, ölkəmizə qayıtması ilə əlaqədar təşkil olunan görüşdə yanğınsöndürənlərimizin Türkiyədəki yanğınlara qarşı mübarizədə göstərdikləri fədakarlıq yüksək qiymətləndirilib. Söhbət zamanı Türkiyə üçün çətin gündə göstərilən əsl qardaşlıq dəstəyinə və həmrəyliyə görə Azərbaycana dərin minnətdarlıq ifadə olunub.

Sonra rəsmi şəxslər yanğınsöndürənlərlə birgə nahar ediblər.