Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların ƏƏSMN-nin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən, ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.