Azərbaycan Televiziyasının yaradıcı heyəti Milli Qəhrəman Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişlərinə başlayıb.

“Mübariz” adlı filmin lentə alınmasında əsas məqsəd həm qəhrəman Azərbaycan oğullarını təbliğ etmək, həm də yetişməkdə olan yeni nəslə vətənpərvərlik hissi aşılamaqdır.

Filmin ssenari müəllifi Nicat Əjdər qəhrəmanın uşaqlıq dövründən başlayaraq onun şəhidlik zirvəsinə ucaldığı günə qədər uzanan şərəfli həyat yolunu qələmə alıb: “Bu filmdə Mübarizin keçdiyi yol, ataya, anaya, bacıya, qardaşa, vətənə bağlılıqdan,  Azərbaycanı necə sevməkdən bəhs edilir. Bacardığımız qədər filmin yüksək keyfiyyətdə çəkilməsi üçün əlimizdən gələni edirik”.

Filmin rejissoru Natiq Novruzov bildirib ki, Azərbaycan Televiziyası bütün işləri ilə fərqlənir, şəhidlərə, qazilərə həmişə hörmətlə, ehtiramla yanaşır.

Filmdə əsas rollarda Xalq artisti Şamil Süleymanov, Flora Hüseynova, Mehman İbadov, Riqlay Əlisoy və başqaları çəkilirlər.

Süjet xətti əsasən Mübarizin qəhrəman kimi böyüməsinə səbəb olan amilləri əks etdirir. Filmin ssenarisinə əsasən, Mübarizin qəhrəmanlıq tarixi onun 5 yaşından yazılmağa başlayır. Bu dövrdə Azərbaycan 1-ci Qarabağ döyüşlərini yaşayırdı və Mübariz həmin dövrdə hərbçilərin gözlərini necə qırpmadan Vətən uğrunda şəhid olduqlarının şahidi olur.

Çəkilişlər Bakıətrafı qəsəbələr, Biləsuvar və Tərtər rayonlarında aparılacaq, bir neçə gün davam edəcək. Ekran əsəri yeni mövsumun əvvəlində təqdim olunacaq.