Azərbaycan Televiziyasında yayımlanan “Tarixin izi ilə” verilişinin avqustun 30-da yayımlanan buraxılışı Ballıqaya faciəsinə həsr olunub.
Faciənin 29-cu ildönümü ilə əlaqədar hazırlanan verilişdə faktlar açıqlanır.
Bildirilir ki, Laçın rayonunun Nağdalı kəndindən məcburi köçkün olan kənd sakinləri mal-qaralarını saxlamaq üçün yer axtarırdılar. Onlar Goranboy rayonunda olan yaxınlarından öyrənirlər ki, Ballıqaya ərazisində Gülüstan meşəsi var və orada heyvanları saxlamaq üçün otlaq sahələri mövcuddur. Beləliklə 10 ailə həmin əraziyə köçür və 7 alaçıq qururlar.
Həmin dövrdə ermənilərin kəşfiyyat-diversiya qrupları azərbaycanlı əhalini qorxutmaq üçün hər cür vasitələrə əl atırdılar.
Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri idi. Hətta faciədən bir neçə gün əvvəl həmin dəstələr o bölgədə dinc insanlara qarşı bir sıra cinayət əməlləri törətmiş, torpaq sahəsində işləyən kəndlini, yeməkxanada oturub yemək yeyən insanları güllələmiş, hətta özləri ilə girov da aparmışdılar.
1992-ci il mayın 18-də Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra, rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşmışdı.
Hadisə baş verən zaman həmin ərazinin təhlükəsizliyi rayonun polis bölmələri tərəfindən həyata keçirilirdi. Lakin təəssüf ki, onların da sayı o qədər çox deyildi ki, bu hücumların qarşısını ala bilsinlər. Bunu fürsət bilən ermənilər 1992-ci ilin avqustun 28-də Goranboy rayonunun Ballıqaya yaylasında 24 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpə də amansızcasına öldürüldü.
Bu qətliamla bağlı daha ətraflı məlumatlar və görüntülər "Tarixin izi ilə" verilişində əks olunub.