Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olub ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb edib.
Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.
Bundan başqa, F.Əliyev Ağdam rayonu ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair videogörüntüləri silmək üçün 50 manat məbləğində pul istəyib.
Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.