ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer yaxın vaxtlarda regiona səfər edəcəklər.

Bu barədə həmsədrlərin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, həmsədrlər BMT Baş Assambleyasının iclası çərçivəsində ayrı-ayrılıqda və birgə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə görüşüblər. Onlar, həmçinin ATƏT-in Baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə də görüşüblər.

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər. Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini davam ediblər.