Bakıda daha bir yol yenidən qurulur. Söhbət Səbail rayonunda yerləşən Gülbala Əliyev küçəsindən gedir.
Uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi bu ərazidə yaşayan əhalinin istifadə etdiyi əsas yollardandır. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmiri həyata keçirilməyib. Layihəyə uyğun olaraq, küçənin mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb. Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib.
Hazırda yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Yol boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir. Vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.8 km uzunluğunda yeni piyada səkiləri inşa olunub, kənarlarına səki daşları düzülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib: “Qeyd edək ki, bundan öncə Elçin Əzizov küçəsində də təmir işləri həyata keçirilib. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçənin uzunluğu 1 kilometrə, eni isə 6 metrə bərabərdir”.
Küçədə yeni işıqlandırma sistemi qurulub. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Tural Qurbanov