Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Nikaraqua yığmasının kapitanı Xuan Barreranın təşkilatın versiyasına görə ən yaxşı oyunçunun seçimi zamanı saxtakarlığa yol verilməsi barədə müraciətini rədd edib. TASS agentliyinin sorğusuna cavab olaraq, təşkilat Barreranın imzası və Nikaraqua Futbol Federasiyasının möhürü ilə səsvermə üçün formanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, bundan əvvəl Barrera “El Chiringuito” nəşrinə yekunda “The Best FIFA 2019” mükafatına sahib olan İspaniyanın “Barselona” komandasının və Argentina yığmasının hücumçusu Lionel Messinin xeyrinə səs vermədiyini bəyan etmişdi. Mükafatın təqdimetmə mərasimi sentyabrın 23-də Milanda keçirilib. Futbolçunun sözləri FIFA-nın təqdim etdiyi hesabatla ziddiyyət təşkil edir. Təqdim edilən məlumata əsasən, Barrera birinci yerdə Messini, ikinci yerdə İngiltərənin “Liverpul” komandasının seneqallı hücumçusu Sadio Maneni, üçüncü yerdə isə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” komandasının forvardı Kriştianu Ronaldunu qeyd edib.

Ötən mövsümdə 32 yaşlı Messi “Barselona”nın heyətində İspaniya çempionu adını qazanıb. O, çempionatda komandanın heyətində 36 qol vuraraq Avropanın bütün milli çempionatlarının ən yaxşı bombardirinə təqdim edilən “Qızıl butsa” mükafatına sahib olub. İspaniya klubu Çempionlar Liqasında yarımfinaladək irəliləyərək, turnirin gələcək qalibi “Liverpul”a iki oyunun nəticəsinə görə (ev oyununda – 3:0, səfərdə 0:4) məğlub olub. Messi 10 oyunda 12 qol vurmaqla, Avropa Kubokunun ən yaxşı bombardiri olub. Argentina yığmasının heyətində o, 2019-cu ildə Amerika Kubokunun bürünc mükafatçısı adını qazanıb.

FIFA-nın ən yaxşı oyunçu üçün nəzərdə tutulan mükafatı 1991-ci ildən təltif edilir. İndiki formatda isə (mövsümün yekununa görə) 2016-cı ildən təqdim olunur. 2010-cu ildən 2015-ci ilədək olan dövrdə FIFA mükafatları Fransanın “France Football” jurnalı ilə bərabər təqdim edib. Messi bu mükafata altıncı dəfədir ki, layiq görülüb. Ötən il bu mükafatla “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç, 2016-cı və 2017-ci illərdə isə Kriştianu Ronaldu təltif edilib.