Azərbaycanda sentyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 19-22° isti, Bakıda gecə 16-18°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 26-da günün birinci yarısında Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı proqnozlaşdırılır. Şimal-şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi bildirilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 21-25° isti, dağlarda gecə 4-7°, gündüz 9-14° isti olacağı gözlənilir.