Ötən il bu vaxtlar çoxu inanmazdı ki, Vətən savaşı cəmi 44 gün sürəcək və 30 illik işğala son qoyulacaq. Amma xəyallar gerçək oldu. İşğal altında olan yurd yerləri, o cümlədən Şuşa azad edildi.
Qarabağın baş tacı, milli və mənəvi dəyərlərimizin simvolu olan qala şəhəri Şuşa işğal dönəmində 270 illik mövcudluğunun ən dəhşətli günlərini yaşayıb. Tarixi abidələrindən tutmuş yaşayış evlərinə qədər talanıb, dağıdılıb. Amma bu talan Şuşanın özünəməxsus gözəlliyinə təsir edə bilməyib. İşğaldan azad ediləndən sonra şəhərin bərpasına başlanılıb.
Şuşada artıq həyat canlanır. Şəhərdə marketlər, hotellər, çörəkbişirmə sexləri və digər iaşə obyektlərinin fəaliyyəti bərpa edilib. Hazırda qala şəhərdə iki çörək sexi fəaliyyətdədir.
Payız fəsli olsa da, Şuşa sanki 28 il 6 aylıq həsrətdən sonra bura gələnlərə bahar sevincini yaşadır. Coğrafi relyef, sıldırım qayalar, başı dumanlı dağlar, udduqca insanı gəncləşdirən hava və ən əsası buz bulaqlar. Budur Şuşa.
Şuşaya gedən 101 kilometrlik Zəfər yolu, elektrik yarımstansyası, daimi su təhcizatı artıq istifadədir. Biz geri döndük, indi Şuşada həyatı bərpa edirik.
Elnur Tofiq, Elmin İsfəndiyarov