Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında 3890 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Münaqişə nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlar arasında ən sarsıdıcı rəqəm siyahıda 71 uşağın yer almasıdır. Bu müddət ərzində əsir və girovluqdan 1480 nəfər azad edilib.

Erməni əsirliyindən azad edilən hərbçilərdən biri də Zahid Həsənovdur. Z.Həsənov Ermənistan tərəfə əsir düşəndə özünün 34 yaşı, biri 5, digəri 2 yaşında olan iki qızı vardı. 19 yaşında Əfqanıstanda döyüş yolu keçən məşhur samboçu Birinci Qarabağ müharibəsi başlayanda övladlarını, ailəsini geridə qoyub ön cəbhəyə yollanır. Dədə-baba yurdu Füzulini düz Seyidəhmədliyə qədər düşməndən təmizləyir. Bu kənd indi 61 yaşı olan keçmiş əsirin həyatından qırmızı xətlə keçir. Orada əsir düşür, orada azad olunur.

Qeyd edək ki, Ermənistan tərəfinin Azərbaycan vətəndaşlarını əsir və girov götürməsi, yaşına və cinsinə baxmadan həbsxanalarda dözülməz şəraitdə uzun müddət saxlaması və dəhşətli işgəncələrə məruz qoyması üçün yeganə səbəb vardı – türk, azərbaycanlı olmaq. Onlar əsir və girovlardan qul kimi istifadə edir, xüsusən zərərli istehsal sahələrində işlədirdilər. Əsir və girovların meydanlarda nümayişkəranə şəkildə mülki əhali tərəfindən döyülməsi adi hallardan biri olub. Onlar əsir və girov götürdükləri həmvətənlərimizi işğal olunmuş yaşayış məntəqələrini sökməyə məcbur edir, insanları alver obyektinə çevirirdi. Bütün bu faktlar azad olunan keçmiş əsir və girovların izahatlarında, xatirə və yaddaşlarında yer alır.

Z.Həsənov əsir düşdükdən 72 gün sonra 1994-cü ilin 17 mayında xilas olur. Sözlərinə görə, Edik adlı erməni onu Füzulinin Seyidəhmədli kəndinə aparmış, Seyid Əhəd adlı azərbaycanlı ilə danışaraq Vartan adlı əsirlə dəyişib. Əsirlikdən azad olunması üçün ailəsi tərəfindən Albert Voskanyana 30 milyon manat pul verilib. İndi o dəhşətli günlərin qara xatirəsi kimi bədənində ağır izlər daşıyır. Lakin ona işgəncə verənlər sırasında yer alanların Bakıda mühakimə edilməsi, həbs olunması ağrılarını azca da olsa, azaldıb.

Rəsmi statistikaya əsasən, bu gün 3890 Azərbaycan vətəndaşı Ermənistan tərəfində əsir və ya girovluqda, Azərbaycan tərəfində itkin kimi qeydiyyatdadır. Bu 3890 talenin ağrıları beynəlxalq hüquqa kölgə salır. Bu qaydaların sadəcə kağız üzərində qalmasını təsdiqləyir. Onların hər biri azad olunacağı, xilas ediləcəyi günü gözləyir. Hətta həyatda olmayanlar belə...

Ayşəm Rüstəmova