Oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır. Buna səbəb mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir.
Bu günə olan hava məlumatına gəldikdə isə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13°, gündüz 15-17° isti olacaq. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, bu gün Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.