Gəncə ərazisinə və əhalisinə görə ölkənin 2-ci ən böyük şəhəridir. 2020-ci ilin oktyabr ayı isə Gəncə şəhərinin tarixinə qanlı hərflərlə yazıldı.
4 oktyabrdan başlayaraq Ermənistan ordusu Gəncəni raket atəşinə tutur, döyüş meydanından kilometrlərlə uzaqda olan bu şəhərə xain hücumlar edirdilər. 11 oktyabr 2020-ci il gecə saat 02:00-da insanların yatdığı bir vaxtda Gəncə şəhərinin düz mərkəzi hədəf alındı. Ümumilikdə həmin gecə ermənilərin Gəncə şəhərinə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.
Yaddaşlarımızdan heç bir zaman ötməyəcək tarixin üzərindən bir il ötür.
Törədilən hərbi cinayət yalnız dinc sakinlərə, evlərə deyil, yaxınlıqdakı tarixi abidələrə, iaşə obyektlərinə də zərər vurmuşdu.
Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf aldı. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildi.