Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Bu gündən isə paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub. Məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Qeyd edək ki, ölkədə sentyabrın 22-dən aşağı siniflərdə, sentyabrın 29-dan isə yuxarı siniflərdə, ali məktəblərdə və kolleclərdə ənənəvi tədris bərpa edilib.