Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, qanuna yeni bənd əlavə olunur. Belə ki, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə attestat da veriləcək. Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslər yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ qazanırlar.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Milli Məclis xəstəxanalarda vahid qiymətlərin olması barədə layihəni də təsdiqləyib. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.