Oktyabrın 29-da Azərbaycan Tibb Universitetində Zəfər Tibb Simpoziumunun açılış mərasimi keçirilib.

İki gün davam edəcək Zəfər Tibb Simpoziumu Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Simpoziumun açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru Anastasios Mpotsarisin, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Zəfər Tibb Simpoziumunda Almaniya modeli nümunəsində müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən bəhs edilib. Tədbirdə Almaniyadan gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, simpoziumun Azərbaycan xalqı və tibb ictimaiyyəti üçün mənəvi dəyəri çox böyükdür: "Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində 30 il ərzində işğal altında qalan torpaqlar şanlı ordumuz tərəfindən düşmən işğalından azad edilib. Azərbaycan xalqı üçün prinsipial hesab edilən bu qələbənin kulminasiyası isə Şuşa Zəfəri olub. Şuşa qədim mədəniyyət mərkəzi, Qarabağın döyünən ürəyidir. İlk dəfə olaraq da məhz Azərbaycan Tibb Universitetində Şuşa Zəfərinə həsr olunmuş simpoziumun təşkili bizim üçün şərəfdir".

Çıxışının sonunda Gəray Gəraybəyli iştirakçılara uğurlar arzu edib və simpoziumun işini açıq elan edib.

Zəfər günü astanasında baş tutan Zəfər Tibb Simpoziumunda daha sonra çıxış edən səhiyyə nazirinin müavini Rəhim Əliyev qeyd edib ki, simpozium nevrologiya, radiologiya və onkologiya sahələrini əhatə edir: "2016-ci ildən etibarən Azərbaycanda Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra simpoziumlar keçirilir. Simpoziumun mövzuları olduqca aktualdır. Həmçinin layihənin məhz Zəfər gününə həsr edilməsi olduqca təqdirəlayiqdir".

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyov də çıxış edib. O bildirib ki, komitədə tibb sahəsini əhatə edən bir sıra layihələr icra edilir. V.Seyidbəyovun dediyinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi xüsusilə xaricdə yaşayan soydaşlarımızın elm sahəsindəki layihələrinə xüsusi diqqət yetirməyə çalışır.

Simpoziumda, həmçinin Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsarisin çıxış edərək tədbirin elmin son nailiyyətlərinin müzakirəsində və təcrübə mübadiləsində rolunu vurğulayıb.

Simpozium Prezident İlham Əliyevin “Bizim ən böyük resursumuz insanların savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”, fikirlərinin daim diqqətdə saxlanıldığının təsdiqidir.