Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət göndərib.

Müraciəti Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım təqdim edib. Müraciətdə bildirilib ki, bu forum il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır.

“Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər ölkələrə yardım əlini uzadır. Əlbəttə ki, bütün ölkələrin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır”, - deyə müraciətdə diqqətə çatdırılır.