95+65 və 44 günün zəfər təntənəsi

95+65 və 44 günün zəfər təntənəsi

6 Noyabr, 10:30 Sosial mediada paylaşın:

95 və 65 bizim Radio-Televiziyamızın yaşı, 44 isə 30 illik həsrətimizin qanla yazılmış sevincimizin qoşa nidasıdır!

Bəli, bu xalqın oğulları son 200 ildə ilk dəfə yadların əli ilə yağmalanan torpaqlarımızı düşmən işğalından azad etdi. Bu Zəfərdə, bu Qələbədə Teleradiomuzun da payı var. Günün 24 saatı gözü , qulağı ekranda, efirdə olan vətəndaşlarımızın bir yumruq kimi birləşib Xalq, Dövlət, Ordu birliyinə nail olması və mütləq Qələbə inamı ilə eyni dalğaya köklənməsi bu uğurun təntənəsinə çevrildi.
İkinci Vətən müharibəsində həm ön, həm də arxa cəbhədəkilərin tarıma çəkilmiş nəbzinin döyüntüsünü hər an hiss edən Azərbaycan televiziyası və Radiosu tarixə qızıl hərflərlə yazılan 44 günlük savaşın əks sədasını təkcə reportajlarına,səs və görüntü yaddaşına köçürmədi, həm də özünün ən məsuliyyətli və şərəfli dövrünü yaşadı!

Teleradiomuz sədrindən, baş redaktorundan ta müxbirinə, operatorundan,işıqçısından, montajçısından sürücüsünə kimi bütün istehsalat sahələrində hər kəs səfərbər olub ekranı, efiri xəbərsiz, məlumatsız qoymadı! Mənə elə gəlir ki, tamaşaçılar bu 44 gündə bir əsrə bərabər həyəcanı,sevincı, özləmin nisgilini, vüsalın şirinliyini, qələbənin təntənəsini məhz bizim televiziyanın və radionun ekran və efirindən izlədikləri verilişlərdə yaşadı. Bizim - radio və televiziya əməkdaşlarının hər biri cəbhədən gələn xəbərlərin dinləyici və tamaşaçı- ilk növbədə övladı, doğması döyüş meydanında olanlar üçün nə qədər önəmli olduğunu dərk edərək bu materiallara, çəkilən, efirə hazırlanan hər kadra, hər cumləyə həssaslıqla yanaşdı, diqqətlə secdi. Biz ən sadə informasiyanın və xəbərin sahihliyini donə- dönə yoxlamaqdan yorulmadıq. Çünki bu informasiyaların təsir gücünün necə böyük və əhəmiyyətli olduğunu yaxşı dərk edirdik və həmkarlarım bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlməyi bacardı! Biz sözümüzlə,kamera və mikrafonumuzla hər yerdə idik! Hər gün atəş yağmuru altında əkin- biçini, təsərrüfat qayğıları ilə məşgul olanların yanında, cəbhəyə hər cür dəstək göstərən könüllülərin yanında, pandemiya ilə mübarizə aparsa da ürəyi döyüşçülərimizin yanında olan səhiyyə işçilərimizin, insanların süfrəsini qida məhsulları ilə təmin etmək qayğısı ilə çalışanlarımızin , bir sözlə adi həyat qayğıları ilə uğraşanlarımızin yanında və gecə yarısı erməni quldurlarının atdığı raket zərbəsi oyanan Gəncəlilərin,hər gün atəşə məruz qalan, ancaq evini tərk etməyən Bərdəlilərin, Tovuzluların, Mingəçevirli lərin yanında!
O dəhşətli gecədə günahsız insanların qanına boyanan dahi Nizami yurdunun faciəsini göz yaşları ilə lentin yaddaşına köçürən də, hər gün düşmənin artilleriya zərbəsinə tuş gələn Tərtərdən, Bərdədən reportaj hazırlayan da bizim cəsur və vətən üçün canından keçməyə hazır olan gənc həmkarlarımız idi.

44 günlük Vətən müharibəsinin səlnaməsini yazan bu cavanlar Azərbaycanın hərb tarixinə qiymətli kadrlar bəxş etdilər. Əminəm ki, nə vaxtsa bizim- Ana televiziyamızın videoarxivindəki bu qiymətli materiallar tarixçilərin, sənədli və bədii film çəkmək arzusunda olanların istifadə və istinad edəcekləri çox dəyərli mənbə olacaq.
Deyirlər ki, ll Dünya müharibəsində, o vaxtkı SSRİ adlı bir qurumun tərkibində yaşamaq məcburiyyətində qalan 15 respublikanın milyonlarla əhalisi təkcə Moskvadan eşidiləcək sehirli bir səsin işığına yığışır, məhz onun- Levitanın səsində cəbhədən gələn xəbərlərin səhihliyinə inanır, qələbənin qazanılacağına ümidlərini itirmirdilər.

Biz də 44 gündə hər axşam məhz ölkə başçımızın, Ali Baş Komandanımızın Qələbəmizin, Zəfərimizin təminatçısı ,müharibənin bütün ağırlığını, məsuliyyətini öz çıyninə götürən sərkərdəmizin- İlham Əliyev cənablarının Tvittlərini və çıxışlarını gözləyirdik. Və Prezidentimizin ilk cümləsindən hamımız hiss edirdik ki, ordumuz bu gün də neçə- neçə kəndimizi düşməndən azad edib. Ölkəyə gələn çoxsaylı xarici qonaqlarla rəsmi görüşlərindən hazırlanan reportaj və geniş video materiallarda, daha çox da ermənilərin maliyə dəstəyindən şirnikib Bakıya gəlməyə nail olan və ya onlayn əlaqəyə girməyi bacaran "jurnalistlərin" təxribat xarakterli suallarını soyuqqanlıqla qarşılayıb, hər birini elə onun öz dilində və tutarlı faktlarla susdurmağı bacaran ölkə başçımızın müdrüklüyü və real faktlara,tutarlı dəlillərə, danılmaz tarixi həqiqətlərə əsaslanan cəsarətli, lokonik cavabları ilə susmağa məcbur olan " hüquq dəllallarının" bu müsahibələr dən sonra kaş nə vəziyyətə düşdüklərini görəydiniz...
Tarixin şanlı səhifələrinə əbədi həkk olunan 44 günlük müharibə dövründə olduğu kimi 65 yaşlı Azərbaycan Televiziyasının kameraları və 95 illiyini qeyd edən Radiomuzun mikrofonları bu gün də hər yerdədir.Yenə ön cəbhədə- Sərhədlərimizi qoruyan əsgərlərimizin yanında , arxa cəbhədəki vətəndaşımızın, yurduna daha tez qayıtmağa çalışan dünənki məcburi köçkünlərin, Qərbi Azərbaycanda qalan doğma yuvalarına uzanan yolların açılacağı günün də uzaqda olmadığına inanan minlərlə qaçqınımızın yanında, insanlarımızın sosial, məişət qayğılarının həllində bir problem yarananda! Kimlərinsə köməyə, yardıma ehtiyacı olanda ilkin yada düsən ünvandir Azərbaycan Televiziyası, ümid, inam yeri, mədəniyyət saxlancı, səslər xəzinəsidir Azərbaycan radiosu!

Yaşa dolduqca gəncləşən, gəncləşdikcə müdrikləşən Televiziyamızın və Radiomuzun yeri həmişə evlərinizin yuxarı başında olsun, sizə olan sevgimiz heç vaxt cavabsız qalmasın! Bayramınız, bayramımız mübarək, Qələbəmiz, Zəfərimiz əbədi olsun!

Telli Pənahqızı

CANLI YAYIM