Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirilib.
Saat 10:00-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş “Azneft” dairəsindən “Ağ şəhər” bulvarınadək davam edib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə 440 metr uzunluğunda olan Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən 8 noyabr Azərbaycanda Zəfər Günüdür.