10 noyabr 2020-ci il. 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdığı gün...

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi.

Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul etdi.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bəyanat imzalandı. 9 bənddən ibarət bu bəyanata əsasən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Ermənistanın hərbi birləşmələri Kəlbəcər, Laçın və Ağdamın işğal altında olan ərazilərindən çıxarıldı və bu rayonlar Azərbaycana təhvil verildi. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirildi. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin efektivliyinin artırılması məqsədilə Ağdam rayonu ərazisində atəşkəsə nəzarət üzrə sülhməramlı monitorinq mərkəzi yaradıldı.

Bəyanatda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpası ilə bağlı müddəa da öz əksini tapdı. Düz bir il əvvəl imzalanan 10 noyabr bəyanatı ilə Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.