Milli Məclisin payız sessiyası başlayıb. Sessiyasının ilk iclasında qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

Milli Məclisin sədri Oqtay Əsədov ötən yaz və növbədənkənar sessiyalarda parlamentin səlahiyyətlərini tam həyata keçirdiyini bildirərək dedi ki, payız sessiyasında da millət vəkillərini məhsuldar iş gözləyir.

Qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkilləri diqqəti daha çox sosial sahəyə yönəldərək bildirdilər ki, 2019-cu il ölkə tarixinə daha çox islahatların həyata keçirildiyi sosial rifah ili kimi  daxil olub.

Millət vəkilləri görülən işlərin davamı olaraq bu istiqamətdə daha bir neçə  yeni hüquqi sənədin hazırlanaraq qəbul edilməsini vacib saydılar.

Qanunvericilik işləri planına "Peşə birlikləri", "Sosial sifarişlər", "Daxili Qoşunlar", "Hərbi qulluqçuların statusu", "Qida təhlükəsizliyi", "Ali təhsil", "Turizm", "İnsan orqanlarının donorluğu və transplantasiyası" haqqında yeni qanun layihələrinin hazırlanması salınıb. Müzakirəyə çıxarılacaq mühüm sənədlərdən biri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsidir.

Payız sessiyasının ilk iclasında Milli Məclis "Texniki tənzimləmə haqqında" yeni qanun layihəsi qəbul etdi. “Lombardlar haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Bir sıra hüquqi sənədlərə təklif edilən əlavə və dəyişikliklər baxıldı.

Südabə Cahangirli