Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıblar.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
Fövqəladə Hallar Nazirliyi də əhalini gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin güclü külək zamanı baş verən yanğınların söndürülməsi çətin olduğundan yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir.