Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində göstəriş və tapşırıqlarına əsasən kompleks tədbirlər həyata keçirilir. Paytaxtda 7 ərazidə yerüstü və yeraltı piyada keçidlər inşa edilir.

Yerüstü və yeraltı piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə tikilir. İnşa olunan keçidlərdən biri Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yerləşir. Yeraltı piyada keçidinin giriş-çıxışları ilə birlikdə uzunluğu 80.2, eni 4.4  hündürlüyü isə 3 metrdir. Keçid yerin altında qazma üsulu ilə inşa edilir və prospektdə hərəkətdə olan nəqliyyat vasitələrinə maneə yaratmır. Burada işlərin 75 faizi həyata keçirilib.

Xətai rayonu, Neapol küçəsindəki yol öütürücdə də işlərin 65 faizi görülüb. Keçidin dayaq nöqtələrinin üçü də tam olaraq tikilib. Hündürlüyü 9.4 eni 3.6 metr olan  piyada keçidinin aşırım hissəsu də artıq hazırlanmaqdadır. İstifadəyə verildikdən sonra piyadalar aşırımın üzərindən keçməklə bu tərəfdən qarşı tərəfə rahat və təhlükəsiz formada gedə biləcəklər.

Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə isə yerüstü piyada keçidinin 80 faizi görülüb. Bu keçid üstü açıq və asma tipli olacaq və istifadəyə veriləndən sonra keçidin orta hissəsi sma troslar vasitəsi ilə saxlanılacaq. 3 giriş çıxışlı olan keçiddə həm də 2 ədəd lifti  olacaq.

Daha bir piyada keçidi isə Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də inşa edilir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb. Bundan başqa, Mərdəkan-Zuğulba yolunda da yerüstü keçid tikilir. Hazırda aşırım hissəsinin yığılması zavodda yekunlaşmaq üzrədir.

Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu km-də, Ümid qəsəbəsi və "Yol evi" yaşayış massivində inşasına start verilib. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 m, eni isə 4 m olacaq. Sözü gedən piyada keçidlərinin gələn ilə təhvil verilməsi planlaşdırılır.

Bir piyada keçidi isə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də Hökməli dairəsinin yaxınlığında istifadəyə verilib. Ötən 2016-2018-ci illər ərzində paytaxtda 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

Samir Namiqoğlu