Azərbaycanın valyuta ehtiyatları artmaqda davam edir və valyuta ehtiyatlarının həcmi 50 milyard dollara yaxınlaşıb. Bu ehtiyatların strukturunda Azərbaycan Mərkəzi Bankı da valyuta ehtiyatlarının həcmini getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur. Bu ilin sonunadək isə ehtiyatların idarə olunmasından 200 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Azərbaycan manatı isə xarici valyutalar qarşısında öz möhkəmliyini saxlayır və son 25 ildə orta illik inflyasiya 5% civarında olub. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə belə dedi.

Vurğulandı ki, ölkədə maliyyə-bank sisteminin sabitliyinin nəticəsidir ki, son 10 ildə kommersiya bankları tərəfindən iqtisadiyyata 72 milyard manat həcmində kredit verilib.

Bildirildi ki, Azərbaycanda mərkəzi bankçılığın tarixi XX əsrin əvvəlindən başlayıb. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına Prezident İlham Əliyev tərəfindən yüksək siyasi qiymət verilib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Mərkəzi bankçılığın 100 illik yubileyi də məhz həmin silsilə tədbirlərin davamıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Həsən Naqvi və digərləri maliyyə-bank sahəsində görülən işlərdən, əldə olunan uğurlardan danışdılar.

Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Mərkəzi Bank arasında mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə  poçt markasının  buraxılması ilə bağlı saziş imzalandı. Sonra dövlət başçısının sərəncamı ilə təltif edilən bank sektorunun əməkdaşlarına mükafatlar təqdim olundu.

Əli Rzayev