Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işləri aparılır, 33 min şəxsin artıq bu tədbirlərlə əhatə olunub.

Vurğulanıb ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam aparılır. Onlardan artıq 1900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur.

Vətən Müharibəsi Qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.