Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.