Bu gün Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzvlüyünün 30-cu ildönümüdür.

Bu münasibətlə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, İƏT ilə münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət prioritetlərinə daxilidir. 30 il ərzində ölkəmiz İƏT-in, habelə islam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının fəal üzvü olmaqla yanaşı, islam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub. Bəyanatda o da bildirilir ki, Azərbaycan İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir.

Təşkilat  44 günlük müharibə zamanı ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılan qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də islam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb edib.