İşğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda məlumat verilib ki, bu günədək işğaldan azad edilən rayonların geoloji xəritələri təftiş edilib, fond məlumatlarına əsasən mövcud olan mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib.

Bu rayonlardakı 167 yatağın kadastr işləri icra edilib, işğal dövründə talan edilmiş 52 yatağın təftişi və monitorinqi aparılıb, dəymiş ziyanın ilkin qiymətləndirilməsi həyata keçirilib. İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. Belə ki, bu ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji, 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə gələn ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq. Görüşdə həmçinin “Azərsky” peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanmış ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.