COVID-19-un “Omikron” ştamının aşkarlandığı ölkələrin sayı artmaqdadır. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yoluxma və virusdan tələfat halları azalıb.
Ötən həftə dünyada 4 milyondan çox insanda koronavirus aşkarlanıb, 47 minə yaxın viruslu xəstə vəfat edib. ÜST-nin həftəlik bülleteninə əsasən, əvvəlki həftə ilə müqayisədə yoluxma 5%, ölüm halları isə 10% azalıb. 7 gün ərzində yoluxmaların 65%-i, tələfatın isə 60%-i Avropanın payına düşüb. Təşkilatın məlumatına görə, son vaxtlar ən çox narahatlıq doğuran “Omikron” ştamı artıq 77 ölkədə aşkar olunub.
ABŞ-nin “Moderna” şirkətinin mütəxəssisləri isə eyni vaxtda həm “Omikron”, həm də “Delta”ya yoluxmanın mümkün olduğunu və nəticədə virusun daha təhlükəli formasının yaranacağını hesab edirlər. Bildirilir ki, iki ştama immuniteti zəifləmiş insanlar yoluxa bilərlər. Mütəxəssislər “Omikron”un virusun yüngül variantı olmadığını da vurğulayıblar. Şirkətdən bildirilir ki, ilkin məlumatlar sözügedən ştama yoluxan şəxslərin “Delta” ilə eyni səviyyədə xəstəxana və intensiv terpaiya şöbələrinə yerləşdirildiyini göstərir.
Məhdudiyyətlərə gəlincə, Böyük Britaniya Parlamentinin Aşağı Palatası “Omikron” ştamının yayılması ilə əlaqədar İngiltərədə karantin tədbirlərinin sərtləşdirilməsini dəstəkləyib. Yeni qaydalar qapalı məkanlarda tibbi maskanın taxılması, həmçinin səhiyyə xidməti və qocalar evləri işçilərinin məcburi vaksinasiyasını nəzərdə tutur.
Polşada da bu gündən etibarən məhdudiyyətlər sərtləşdirilib. Restoran, kinoteatr və teatrlarda yerlərin yalnız 30%-nin doldurulmasına icazə verilir. Gecə klubları və diskotekalar qarşıdakı həftələrdə bağlı olacaq. Dekabrın 20-dən yanvarın 9-na qədər orta məktəblərdə tədris distant rejimdə keçiriləcək.
Niderlandda isə məhdudiyyətlər daha 1 ay uzadılıb. Bu barədə ölkənin Baş naziri Mark Rütte məlumat verib. Karantin tədbirləri yanvarın 14-nə qədər qüvvədə qalacaq.
Qeyd edək ki, noyabrda yoluxmaların kəskin artması ilə əlaqədar Niderlandda məhdudiyyətlər mərhələli şəkildə sərtləşdirilmişdi.
Xavər Əliyeva