“Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi yeni ili yalnız 4 dəfə - 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb”.
Bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, 2009-cu ilin Yeni il bayramında isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə sayılır:
“Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2009-cu ildə qeydə alınıb: 1,6 dərəcə şaxta. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da olub: 26,5 dərəcə şaxta. Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək”.