Yanvarın 24-dən etibarən azad olunan ərazilərə ilk müztəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə olunan məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Azad edilən ərazilərə müvafiq icazə əsasında ezam olunan işçilərin sayının artması, həssas kateqoriyaya aid vətəndaşlar - Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlillərinin güzəştli şərtlərlə həmin ərazilərə səfərlərinin təşkili, bərpa və yenidənqurma işlərində çalışan işçilərin həmin ərazilərə mütəmadi daşınmasının vacibliyi Qarabağa yeni avtobus marşrutlarının açılması məsələsini daha da aktuallaşdırıb.

İlkin mərhələdə nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı,  Bərdə – Ağdam – Bərdə istiqamətlərində ola bilər.

Sərnişindaşınmada sistemliliyin, növbəliliyin təmin olunması, kvotalara ciddi riayət edilməsi və müvafiq məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.