“Azərbaycan xalqının turistlərə təklif edə biləcəyi çoxlu məhsulları var və biz bunu, xüsusilə iqtisadi sahədə görürük”.
Bu fikri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko “Aqro-Turizm İnvestisiya Forumu”nda səsləndirib. Avropalı diplomat bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə bağlı layihənin maaliyyələşdirilməsinə Avropa İttifaqı yarım milyon avro vəsait ayırıb. O da diqqətə çatdırılıb ki, ümumilikdə qurum tərəfindən ölkəmizdə aqrar layihələrə 40 milyon avroya yaxın yardım olunub və bu proses davam edəcək.
Aqrar Kredit və İnkişaf Agentliyin sədr müavini Leyla Məmmədova isə bildirib ki, agentlik tərəfindən ötən il 10 müxtəlif istiqamət üzrə 310 milyon manat məbləğində subsidiya ödənilib. Bundan başqa, müxtəlif istiqamətlərdə istehsalını genişləndirmək istəyən kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 milyon manatdan çox aşağı faizli mikro kredit ayırılıb.