Azərbaycanda vəkilliyin yaradılmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransda vəkillik fəaliyyətində müasir çağırışlarla bağlı ölkələrin təcrübələri öyrənilir, perspektivlər müzakirə edilib.

Konfrans beynəlxalq ekspertlərin və müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin rolu ilə bağlı müzakirəsi, vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlilin aparılması baxımından əhəmiyyətlidir. Ölkəmizdə də vəkillik peşəsinin inkişafı, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində atılan addımlar bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün vacibdir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətindən danışdı.

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov bildirdi ki,  Azərbaycanda vəkillik mürəkkəb inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizminin formalaşmasına əsas yaradıb.

Ədliyyə naziri Fikrət Məmmədov isə vəkillik peşəsinin Azərbaycanda qədim və zəngin köklərə malik olduğundan danışdı.

Baş prokuror Zakir Qaralov vurğuladı ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Son dövrlər Azərbaycanda vəkillik institutu ilə bağlı aparılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artdığını deyən Ali Məhkəmənin sədri Ramiz Rzayev isə bildirdi ki, vəkillik institutunun inkişafı gələcəkdə insan hüquq və azadlıqlarının təminatına daha çox töhfə verəcəyinə əsas yaradır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Cəmiyyətin hüquq layihəsinin rəhbəri Tomas Herrman, Türkiyə Barolar Birliyinin sədri Metin Feyzioğlu və digərləri vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbulu mövzularında fikirlərini bildirdilər.

Günay Bünyadzadə