Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
138-ci doğum günü ilə əlaqədar olaraq M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının “Telesəhər” verilişinin canlı yayımında qonaq olub.
O, Rəsulzadənin böyük şəxsiyyət, mütəfəkkir olduğunu deyib.
Daha sonra Rais Rəsulzadə əlavə edib ki, Rəsulzadə irsinin öyrənilməsinə ehtiyac var: “Rəsulzadə kimi böyük tarixi şəxsiyyətlərin ad günü el bayramı kimi qeyd edilməlidir. Rəsulzadə nəinki Şərq aləmində, dünyada öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir, fikir adamıdır. Azərbaycana gəlincə, azadlıq hərəkatının ideoloqu, dövlətimizin qurucularından biridir. Düzdür, Rəsulzadə haqqında çox yazılıb, amma onun irsinin öyrənilməsinə ehtiyac var”.
Rəsulzadənin nəvəsi babasına həsr olunmuş konfransın keçiriləcəyini əlavə edib. Deyib ki, konfrans Tarix Muzeyində baş tutacaq.
O, babası ilə bağlı xatirələrinin, əsasən, ailə böyüklərindən eşitdiklərindən ibarət olduğunu deyib: “Babam haqqında xatirələri oxuduqlarımdan, nənəmin dediklərindən, atamın danışdıqlarından bilirəm. Rəsulzadə çox çətin günlərdən keçib, sürgünlərdə yaşayıb. Çox keşməkeşli həyatı olub”.
Verilişdə R.Rəsulzadə ilə birlikdə qonaq olan tarixçi Boran Əziz isə qeyd edib ki, o dövrdə dövlət qurmaq asan olmayıb: “Azərbaycan tarixinin təməl konsepsiyasını Rəsulzadənin əsərləri, ideyaları, irəli sürdüyü fikirlər olmadan təsəvvür etmək mümkün deyil. Tarixdə ilk dəfə adı Azərbaycan, paytaxtı Bakı olan dövlətin qurucusu Məhəmməd Əmindir. Onun qurduğu dövlət milli idi. Müxtəlif bölgələrdən ziyalılar bir amal ətrafında, azərbaycançılıq ətrafında birləşərək milli dövlət qura bildilər. Azərbaycan adı o vaxt xarici dövlətlər tərəfindən etirazla qarşılanırdı. Belə şəraitdə dövlət qurmaq asan deyildi. Amma başda Rəsulzadə və silahdaşları olmaqla bunu bacardılar. Bu fakt onları xoş xatirələrlə yada salmağa, rəhmətlə anmağa kifayət edir”.