Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakıdakı hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.