“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin fəaliyyət effektivliyinin artırılması üçün ayrı-ayrı istiqamətlər üzrə analiz və monitorinqin aparılması, həmçinin məqsədəuyğun planların müvafiq qaydada işlənilməsi funksiyaları hazırda Analitik qrupa həvalə olunub”.
Bu barədə Analitik qrupun rəhbəri Faiq Hüsiyev rəhbəri olduğu qrupun fəaliyyəti ilə bağlı açıqlamasında bildirib.
Qeyd edib ki, fəaliyyətə başladığı qısa müddət ərzində qrup tərəfindən respondent sorğuları əsasında (təqribən 500 nəfər arasında) üç ay ərzində mütəmadi sorğular aparılıb və bu sorğuların nəticələri hər ayın ortasında geniş ictimaiyyətə açıqlanıb: “QSC-nin fəaliyyəti barədə rüblük və illik hesabatların hazırlanması, efir reytinqlərinin sorğular vasitəsilə (telefonla, yazılı anket və müsahibə yolu ilə ) hazırlanması və tamaşaçı auditoriyası ilə sıx əlaqələrin qurulması qrupun əsas fəaliyyət istiqaməti olduğundan bu sahədə mütəmadi işlər aparılır.
QSC-nin fəaliyyətinin digər televiziya və radio kanalları ilə müqayisəli təhlilinin aparılması və bu istiqamətdə hesabatın hazırlanması da gündəlikdədir. Həmçinin yaradıcı strukturlarının fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin aktuallığınin ilkin təhlili və qiymətləndirilməsi barədə hesabatın hazırlanması da qrup üzvlərinin diqqətindədir.
QSC-nin müsbət imicinin formalaşdırılması, rəy və təkliflərin operativ qaydada öyrənilməsi və toplanılması üçün ictimaiyyətlə mütəmadi görüşlərin, dəyirmi masaların təşkili və müxtəlif səciyyəli tədbirlər planının hazırlanması, həmçinin şəhər və rayonlarda “AzTV günləri”nin təşkil edilməsi də
Analitik qrup tərəfindən yaxın gələcəkdə həyata keçiriləcək.
Əldə edilmiş məlumatlar əsasında televiziya və radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim olunacaq”.
F.Hüsiyev hesab edir ki, bütün bunlar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin yeni fəaliyyət proqramı üçün dəyərli meyar olacaq.