Bu gün Novruzun ilaxır çərşənbələrdən ilki - Su çərşənbəsidir.

Ona baharın ilk müjdəçisi də deyirlər. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə onu “Əzəli çərşənbə”, “Gül çərşənbə” də adlandırırlar.

Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər də keçirilir. Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul olunur. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayır. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel, 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl iş olmayacaq.