Rusiya Prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib.

Televiziya vasitəsilə xalqa müraciətində o, Ukrayna hərbçilərindən silahı yerə qoymağı tələb edib. Vladimir Putin mümkün qan axıdılmasına görə Ukrayna hökumətinin məsuliyyət daşıyacağını bildirib.

Ukraynanın Daxili İşlər Nazirliyi Kiyevdə hərbi anbarların ballistik və qanadlı raketlərdən hücuma məruz qaldığı barədə məlumat yayıb. Donbass, Xarkov və Odessada da partlayış və atəş səsləri eşidilir. Ukrayna  Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamasını pisləyib. Co Bayden tələfat və dağıntılara görə rəsmi Moskvanın məsuliyyət daşıyacağını bildirib. Birləşmiş Ştatlar Prezidenti vəziyyəti izləyəcəyini və  müttəfiqləri ilə birgə Rusiyaya sərt cavab verəcəyini bildirib.

NATO  baş katibi Yens Stoltenberq isə Rusiyanın Ukraynadakı hərbi əməliyyatının çox sayda dinc vətəndaşın həyatını təhlükə altına atdığını bildirib. “Bu, belnəlxalq hüququn kobud şəkildə pozulması və avroatlantik təhlükəsizlik üçün ciddi təhdiddir”,- deyə Stoltenberq vurğulayıb.

Bundan başqa, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları qüvvəyə minib. Cərimə tədbirlərinin tətbiq ediləcəyi şəxslərin siyahısında Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın da adları var. Sanksiyalar Dumada Donetsk və Luqanskın müstəqilliyinin lehinə səs verən deputatlara da şamil ediləcək.

Xavər Əliyeva