Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova həsr olunur. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətidən danışılır.

Daha bir film isə Xocalı sakininin yaşadığı faciələrdən bəhs edir.

A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunur.

Milli Qəhrəman 1992-ci ildə Xocalı faciəsindən sonra əsir düşmüş 1500-ə yaxın azərbaycanlının xilas edilməsinə və geri qaytarılmasına nail olub.

Azərbaycan Ordusu Vətən müharibəsi ilə Ağdamın işğal altında olan hissəsini azad etdikdən sonra Allahverdi Bağırovun ailə üzvləri onun məzarını tapıb ziyarət ediblər.

Filmdə Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, əsirlikdən xilas etdiyi qadın həmin günləri xatırlayıblar, onunla bağlı xatirələrini dilə gətiriblər.

Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.

AzTV-nin Rza Diqqətiyə həsr olunmuş filmi isə “Danışan fotolar” adlanır.

R.Diqqəti Xocalıda soyqırımı xəbərini alan kimi Azərbaycana gəlib, çətinliklə Ağdama yol tapıb və burada Xocalı sakinləri ilə görüşüb. O, əsirlərin, meyitlərin dəyişdirilməsi prosesində iştirak edib, gördüklərini lentin yaddaşına köçürüb. Fotomüxbir filmdə şahidi olduğu hadisələri dilə gətirib.

Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alıb.

“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.

Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.

Belə ki, soyqırımı günü M.Bəkirova digər Xocalı sakinləri, əsasən, qadın, uşaq və qocalarla birgə zirzəmidə erməni hücumundan gizlənib. Üç övladı olan Mehriban həmin zirzəmidə 4-cü uşağını da dünyaya gətirib. Elə həmin vaxt da zirzəmidəkilər ermənilər tərəfindən əsir götürülüblər. Qucağında iki körpəsi olan Mehriban əsir aparılarkən körpənin birini itirib. Xəbəri olmadan təzə doğulan körpə adyaldan sürüşüb qarın üstünə düşüb.

Körpəni rus jurnalist tapıb, gətirib anasına verib. Daha sonra jurnalist qəzetdə əsir qadın haqqında məqalə yazıb və beləliklə Mehribanın əsirlikdən azad olunmasına nail olub.

Faciə gecəsində qarda bir neçə saat qalan körpənin, səhhətində problemlər yaranıb. Onun səhhəti ildən-ilə pisləşib və 18 yaşında Günay adlı həmin qız vəfat edib.

Bu ağrılı tale filmin digər qəhrəmanı olan telejurnalisti də çox təsirləndirib və o, Mehribanın həyatı haqqında ssenari yazıb.

Filmdə keçmişə aid hadisələr səhnələşdirilir.

Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.

Hər üç film fevralın 26-sı AzTV-də yayımlanacaq.