Azərbaycanın BMT-yə üzvlüyünün 30 ili tamam olur.
Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında bildirilir ki, Azərbaycan ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyün ilk illərində təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib. Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan öz ərazilərini işğaldan azad etdi və hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və geri qayıdış hüququnun təmini istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir.
“Ötən müddət ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək. Beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək” deyə bəyanatda vurğulanır.