Rusiya və Ukrayna arasında danışıqlar martın 3-də keçiriləcək.

Müvafiq açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransında deyib. Sergey Lavrov danışıqların getdiyi zaman da Ukraynada hərbi əməliyyatın davam etdiriləcəyini deyib. 

Rusiya xarici işlər naziri son vaxtlar mümkün nüvə müharibəsi ilə bağlı məlumatlara da münasibət bildirib. Sergey Lavrov bu fikirlərin  NATO və Ukrayna tərəfindən səsləndirildiyini deyib. “Rusiya öz siyasətini  deskalasiya naminə eskalasiya prinsipi ilə aparmır. Lakin nüvə müharibəsi ilə bağlı söhbət gedir. Xahiş edirəm sizdən, bu fikirlərə və bu fikirləri səsləndirən personajlara diqqət yetirəsiniz”, - deyə nazir əlavə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə növbəti dəfə xalqa müraciət edib.

“Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri onların bizim torpağımızda əhəmiyyətli heç nə edə bilməməsinin etirafıdır. Bütün müdafiə xətlərimiz saxlanılıb. Düşmənin heç bir strateji istiqamətdə uğuru yoxdur. Onlar dəf edilib”, - deyə Zelenski bildirib. O, şəhərlərin dağıdılmasına görə Rusiyadan reparasiyaların tələb ediləcəyini vurğulayıb. Volodimir Zelenski bir müddət əvvəl Ukraynanın müdafiəsi üçün yaradılan beynəxalq legiona artıq 16 min xarici vətəndaşın qoşulduğunu da diqqətə çatdırıb. 

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti  müharibə başlayandan döyüşlərin episentri olan  Xarkov şəhərində 34 mülki şəxsin həlak olması, 285 nəfərin yaralanması ilə bağlı məlumat yayıb. Ukrayna  Baş Qərargahı isə Rusiya tərəfinin itkiləri barədə  yeni rəqəmləri açıqlayıb. Məlumatda  bildirilir ki, Rusiya tərəfinin itkiləri 9 minə çatıb. Bundan əlavə, 900-dən çox zirehli maşın,  30 təyyarə, 31 helikopter, 217 tank, 90 artilleriya, 42 reaktiv yaylım atəşi sistemi və 11 pilotsuz uçuş aparatı məhv edilib.