Ukraynada vəziyyət getdikcə ağırlaşır. Ötən gecə bütün Avropanı təhdid edən hadisə yaşanıb.
Gecə saatlarında Zaporojye atom elektrik stansiyasının yanındakı tikili və blokların davamlı artilleriya atəşinə tutulması nəticəsində yanğın baş verib. Yerli KİV-in məlumatına görə, yanğın inzibati təlim-tədris korpusunun 3, 4 və 5-ci mərtəbələrini əhatə edib. Artilleriya hücumu davam etdirildiyindən yanğınsöndürənlər alovla mübarizəyə dərhal başlaya bilməyiblər. Yanğını səhər saat 7 radələrində lokallaşdırmaq mümkün olub. Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux stansiyada təhlükəsizliyin bərpa olunduğunu açıqlayıb. Ölən və yaralananların olmadığı bildirilir.
Prezident Volodimir Zelenski Avropanın ən böyük atom elektrik stansiyasında baş verən yanğını nüvə terroru adlandırıb. Çernobılda bir enerji blokunun partlaması nəticəsində baş vermiş faciəni xatırladan dövlət başçısı Zaporojye atom elektrik stansiyasında belə enerji bloklarının sayının 6 olduğuna diqqət çəkib. Baş vermiş hadisə ilə əlaqədar Ukrayna Prezidenti Almaniya kansleri, ABŞ, Fransa prezidentləri, Böyük Britaniya Baş naziri, Avropa İttifaqı Şurasının prezidenti və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri ilə təcili məsləhətləşmələr aparıb.
Bir sıra yerli KİV-in verdiyi məlumata görə, Kiyevdə, Kiyev vilayətinin Bila Tserkva və Brovarı şəhərlərində, eləcə də Odessa vilayətinin İzmail şəhərində hava həyəcanı siqnalları verilib. Kiyevdə partlayış baş verib.
Ukraynada vəziyyətin gərgin olması ilə əlaqədar bu ölkənin hazırda ABŞ-da olan vətəndaşlarına xüsusi status veriləcək. Müvafiq qərar Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən qəbul edilib. Ukraynalılar üçün müvəqqəti qorunma statusu 18 ay müddətində qüvvədə olacaq. Bu status öz ölkələrində hərbi münaqişələr, təbii fəlakətlər və epidemiyalarla əlaqədar ABŞ-da qalmaq məcburiyyətində olan vətəndaşlara verilir.
Fərda Abasova