Ukraynada döyüşlər davam edir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın ikinci böyük şəhəri olan Xarkova hava hücumlarını davam etdirib. Bir sıra KİV-in məlumatına görə, çoxmərtəbəli yaşayış binasına raket atılıb. Hava hücumları nəticəsində, həmçinin universitetlərdən birinin binası yanıb, Xarkov Aviasiya İnstitutunun yataqxanasına ziyan dəyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi açıqlamaya görə, hücum əməliyyatında əsas diqqət Kiyev, Xarkov, Çerniqov, Sumı və Nikolayev şəhərlərinə yönəldilib. Qeyd olunur ki, Rusiya ordusu Kiyevə hücuma keçmək üçün resurs toplayır.

Kiyevdə isə hava həyəcanı elan edilib. Sakinlərə dərhal sığınacaqlara getmək tapşırılıb. Bu barədə Şəhər Administrasiyası məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Yelisey Sarayının açıqlamasına görə, Makron ukraynalı həmkarını Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar barədə məlumatlandırıb. Bundan əlavə, tərəflər Ukraynaya humanitar yardımın ayrılmasını müzakirə ediblər.

BMT-nin hesablamalarına görə, 10 gün ərzində milyon yarımdan çox insan Ukraynanı tərk edib. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Təşkilatın Qaçqınlar üzrə Ali Komissarı onların, əsasən, 5 qonşu ölkəyə üz tutduğunu bildirib. Polşa Sərhəd Xidmətinin açıqlamasına görə, müharibə başlayandan bir milyondan çox insan Ukrayna-Polşa sərhədini keçib.