Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkarlanması barədə məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Məktubda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məsələsinə bir daha diqqət çəkilib.

Bildirilib ki, Ermənistan, onun agentləri və əlaltıları tərəfindən törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin araşdırılması istiqamətində hələ də heç bir addım atılmayıb. Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan məzarların, kütləvi qəbiristanlıqların yerinin müəyyən olunması, itkin düşmüş azərbaycanlıların taleyinin ayıdınlaşdırılması ilə bağlı əməkdaşlıq etməkdən boyun qaçırır.