Bu gündən Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.

Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, istehlakçılar təbii qazdan istifadə zamanı diqqətli olmalı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Sabah isə test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

Onu da bildirək ki, son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz”ın əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.