Rəsmi Kiyev təhlükəsizlik təminatı istəyir

Rəsmi Kiyev təhlükəsizlik təminatı istəyir

30 Mart, 11:14 Sosial mediada paylaşın:

Ukraynada müharibənin 35-ci günüdür. Prezident Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarla bağlı fikirlərini bölüşüb.

Bildirib ki, rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir kompromisə getməyəcək. Dövlət başçısının fikrincə, Rusiya nümayəndə heyəti tərəfdən gələn siqnalları müsbət hesab etmək olar, Kiyev və Çerniqov istiqamətlərində hərbi fəallığın azaldılması ilə bağlı açıqlamalara isə hələ ki inanmaq olmaz. Ukrayna Prezidenti danışıqlar prosesini davam etdirəcəklərini və nəticə əldə ediləcəyinə ümidvar olduqlarını bildirib. Zelenski rəsmi Kiyevin real təhlükəsizlik təminatı istədiyini vurğulayıb. Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinə də toxunub.

“Müharibə bitməyənə, bizə aid olanı geri qaytarmayana və ədaləti bərpa etməyənə qədər sanksiyalarla bağlı məsələ qaldırıla bilməz”, - deyə Zelenski qeyd edib.

Döyüşlərə gəlincə, Rusiya qoşunları Starokonstantinov şəhərində hava limanına zərbələr endirib. Bu barədə şəhər meri məlumat yayıb. Hücum nəticəsində tələfat olmasa da, tikiliyə ciddi ziyan dəyib. Mariupolda isə Avropa İttifaqı Məşvərət Missiyasının Ukraynadakı nümayəndəliyi atəşə tutulub. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel məlumat verib. O bildirib ki, missiya üzvləri xəsarət almayıb, lakin nümayəndəliyin yerləşdiyi binaya və oradakı avadanlığa ciddi ziyan dəyib.

Nikolayev şəhərində isə vilayət administrasiyasına raket hücumu nəticəsində həlak olanların sayı artıb. Son məlumatlara görə, 12 nəfər həlak olub, 34 adam yaralanıb. Xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.

Fərda Abasova

CANLI YAYIM