Bu gün Türk Ağsaqqalları Birliyi – TAİB-in təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə soyqırımı qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyev 1918-ci il 30 mart və 3 aprel tarixləri aralaığında baş vermiş hadisələrdən geniş şəkilə bəhs edərək soyqırımı nəticəsində on minlərlə azərbaycanlının amansızlıqla qətlə yetirildiyini vurğulayıb. Azərbaycanlıların məhz etnik və dini mənsubiyyətlərinə görə soyqırıma məruz qaldıqlarını deyən TAİB sədri, ermənilərin öz havadarları – Bakı Komunnası qüvvələrinin ciddi dəstəyi ilə törətdiyi qanlı hadisələr nəticəsində yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbristanlıqların da dağıdıldığını qeyd edib. Sudeyif İmamverdiyev Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə törədilmiş qırğınlara uzun illər sonra məhz Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildiyini deyib.
Dəyirmi masada çıxış edən Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvləri, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərdən, eləcə də tarixi memarlıq və dini abidələrin vandallıq aktlarına məruz qalmasından söz açaraq azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə diqqət yönəldiblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb, həmçinin Dövlət başçısının 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamına əsasən Quba şəhərində Soyqırım Memorial Kompleksi yaradılıb. TAİB nümayəndələri həmçinin Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə həyata keçirdiyi layihələrə diqqət yönəldiblər. Qeyd olunub ki, Türk Ağsaqqalları Birliyinin də xarici ölkələrdə keçirdiyi tədbirlərdə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilik nümunələrindən də geniş şəkildə bəhs olunur. Tədbirdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin ermənilər tərəfindən törədilən qətliamların qarşısının alınmasında böyük rol oynadığı da xüsusi vurğulanıb. Dəyirmi Masada xüsusi olaraq qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində işğal altında olan əzəli torpaqlarımızı azad edib və şəhidlərimizin qısası alınıb.